Almaniyalı iş adamları “AzVirt”də olublar

29 noyabr 2021

Almaniyanın tanınmış 9 şirkətinin nümayəndəsi “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyətində görüş keçirib. ”Commit Project Partners“in vasitəsi ilə Azərbaycanda "Sənaye və infrastrukturun müasirləşdirilməsi" mövzusunda araşdırma aparan şirkətlərin əsas məqsədi tikinti, logistika və nəqliyyat sahələri üzrə iki ölkə arasında biznes əlaqələrinin möhkəmlənməsinə töhvə verməkdir. Səfər Almaniya Federativ Respublikasının İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə reallaşdırılıb.

Görüşdə “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev qonaqlara şirkətin fəaliyyəti və reallaşdırdığı layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, “AzVirt” uzun müddətdir alman biznes dairələri ilə yaxından əməkdaşlıq edir. Yol və hava limanları üzrə aparılan tikinti işləri üçün lazım olan avadanlıq və qurğuların bir çoxu məhz Almaniyadan sifariş olunur. Bundan başqa K.Əliyev vurğulayıb ki, hazırda “AzVirt” Serbiya, Bosniya və Herseqovinada hər birində 2 mühim layihənin reallaşdırılması ilə məşğuldur.
    

Alman-Azərbaycan xarici ticarət palatasının icraçı direktoru Tobias Baumanun sözlərinə görə “AzVirt” palatanın aktiv üzvüdür. Şirkət uzun illərdir ki, Almaniyadan olan tərəfdaşları ilə müştərək münasibətlər qurub.