Laçından gətirilən tikinti materiallarının analizləri aparılır

21 yanvar 2022

Laçın Beynəlxlaq Hava Limanının uçuş-enmə zolağının, perronun və yönəldici yolların tikintisı üçün istifadə olunacaq yol-tikinti materialları Bakıda – “AzVirt” MMC-nin mərkəzi labratoriyasında analiz olunur. Şirkətin keyfiyyətə nəzarət və materialların sınağı şöbəsinin rəhbəri Mais Əhmədov bildirib ki, hazırda Laçında (Qorçu kəndində) sözü gedən ərazidə torpaq işləri icra olunur, daha sonra yol geyimi konstruksiyasının tikintisi nəzərdə tutulub. Ona görə də sınaq işlərinin əksəriyyətinə indidən başlanılıb. “Bu yaxınlarda biz oradan çınqıl-qum qarışığı gətirmişik. Bunları daşdoğrayan qurğuda doğradıqdan sonra alınan qırmadaşların asfaltda və betonda istifadəsinin yararlılığını yoxlayırıq”.

M.Əhmədov deyir ki, gətirilən xam material dağ, qaya parçalarının doğranması ilə əldə edilir. Bunun üçün Almaniyanın “Kleemann” şirkətinin istehsalı olan yeni qurğular da gətirilib. Onlar hazırda Qarabağ bölgəsində istifadə olunur.

Qeyd edək ki, Prezident İlham Əliyev Qarabağda həyata keçirilən tikinti layihələri ilə tanışlıq zamanı yerli materiallardan istifadənin nəzərdən keçirilməsinə dəfələrlə diqqət çəkib. Məhz “AzVirt” MMC də bu məqamı daim nəzarətdə saxlayır və mütəmadi araşdırmalarını davam etdirir.