Ümumi məlumat
1993 - 1995-ci illərdə Almaniyanın "WIRTGEN" şirkətinin mütəxəssislərinin köməyilə Bakı Aeroportunda 2 saylı uçuş-enmə zolağının tikintisi müvəffəqiyyətlə həyata keçirildi. 1995-ci il mayın 28-də həmin obyektin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev məsləhət bildi ki, alman mütəxəssisləri ilə əlaqələr davam etdirilsin. Beləliklə, 1995-ci ildə "AzVirt" Azərbaycan - Almaniya Birgə Müəssisəsi yaradıldı. Sonradan Müəssisənin adı dəyişdirilərək "AzVirt" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırıldı. İlk öncə Bakı ərazisində şəhər yollarının tikintisi ilə məşğul olan şirkət, zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrildi.
"AzVirt" Azərbaycanın ən böyük və tanınmış yol tikinti şirkətlərindən biridir. Yarandığı tarixdən başlayaraq 20 ildən çox müddət ərzində "AzVirt" regionda nəqliyyat infrastrukturunun inkişafı üçün getdikcə artan tələbləri qarşılamaq məqsədi ilə sürətlə böyüyüb və fəaliyyət dairəsini genişləndirib.
Hal-hazırda "AzVirt" aşağıdakı xidmətlər üzrə ixtisaslaşıb:
Avtomobil yollarının tikintisi, yenidənqurulması və təmiri
Körpülərin, yol ötürücülərinin və digər süni qurğuların tikintisi, yenidənqurulması və təmiri
Hava limanları üçün terminalların, uçuş-enmə zolaqlarının, sükan yollarının və perronun tikintisi, yenidənqurulması və təmiri
Tikinti materiallarının istehsalı
Layihələndirmə işləri
"AzVirt" müştərilərinə çöl-axtarış (geodeziya), layihələndirmə və tikinti işləri daxil olmaqla kompleks xidmətlər təqdim edir.
Zəngin iş təcrübəsi və yüksək keyfiyyət standartlarına nail olmaqla, "AzVirt" regionun ən böyük tikinti layihələrində baş podratçı kimi iştirak edir.
Şirkət tikdiyi avtomobil yollarının yüksək beynəlxalq tələblərə cavab verməsi üçün ilk növbədə dünyanın inkişaf etmiş ölkələrinin bu sahədə yüksək elmi nailiyyətləri və qabaqcıl təcrübəsini öyrənərək öz fəaliyyətində tətbiq edir. "AzVirt" Azərbaycanda ilk dəfə olaraq qırmadaş-mastikalı və polimerli asfaltbeton qarışığını tətbiq edən şirkətdir. İstehsal edilən asfaltbetonun tərkibində aktivləşdirilmiş mineral tozlardan istifadə edilir.
Şirkətin məqsədi bütün texniki, iqtisadi və estetik parametrləri nəzərə alaraq müştərinin tələblərini qarşılamaq üçün ən yaxşı həll yollarını tapmaqdır. Dürüstlük və səmimi iş əlaqələrinə əsaslanaraq, eyni zamanda yüksək keyfiyyətli iş və peşəkarlıq nümayış etdirərək, Şirkət əməkdaşlıq anlayışını daim yüksək tutur.
Şirkət işçilərinin peşəkarlığı işin hər bir sahəsində möhkəmlənmiş aşağıdakı dəyərlərdən qaynaqlanır: Keyfiyyət, Təhlükəsizlik, İnam, İnnovasiya, Komanda İşi, Məsuliyyət və Daim Öyrənmək.
Yaranmasından sonra qısa müddət ərzində ən yüksək keyfiyyət nümunələri sərgiləyən şirkət öz fəaliyyət sahəsini genişləndirərək hava limanlarının tikintisi işlərinə və beynəlxalq əhəmiyyətli layihələrə cəlb olundu. Buna misal olaraq 1998-ci ildə yerinə yetirilmiş Almaniya Hökumətinin Bakı Aeroportuna ilkin kömək proqramı çərçivəsində maliyyələşdirdiyi "Bakı Aeroportunda Boeing-747 təyyarələri üçün yönləndirici yolların və dayanacaqların tikintisi", 2001 - 2002-ci illərdə "Bakı Aeroportuna giriş yolunun tikilməsi", 2003-cü ildə "Azalhelikopter şirkəti üçün giriş yolunun və vağzalyanı ərazinin yenidənqurulması", 2003 - 2004-cü illərdə "Bakı Aerportunda ağır tipli təyyarələr (400 ton və daha ağır) üçün perron və sükan yollarının tikintisi", 2003 - 2006-cı illərdə "Bakı Aeroportunda yük terminalına gedən yolun tikintisi", 2003 - 2006-cı illərdə "Bakı Aerportunda yeni sükan yollarının tikintisi və kommunikasiya xətlərinin köçürülməsi", 2003 - 2006-cı illərdə "Heydər əliyev Beynəlxalq Hava Limanında kompleks yenidənqurma" işlərini göstərmək olar. Eyni zamanda 2004 - 2006-cı illərdə "Şəmkir – Qazax avtomobil yolunun tikintisi" layihəsini həyata keçirməklə Qədim İpək Yolunun bərpası məqsədi ilə həyata keçirilən TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) kimi böyük beynəlxalq layihədə iştirak etdi.
2004-cü ildə "AzVirt" Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət kimi yenidən qeydiyyatdan keçdi.
Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiq olunan "Regionların Sosial-İqtisadi İnkişafı Proqramı" çərçivəsində 2004-2008-ci illər ərzində Azərbaycanın bütün regionlarını əhatə edən "Gəncə hava limanının uçuş-enmə zolağının, perronun, yönəldici yolların və Gəncə-Qazax yolundan hava limanına qədər asfaltbeton yolun yenidənqurulması", "Lənkəran Hava Limanının, aerodrom ərazisinin, yük terminalının ətrafının və hava limanına giriş yolunun tikintisi", "Zaqatala Hava Limanının aerodrom ərazisinin, yük terminalının ətrafının, vağzalyanı meydanın və hava limanına giriş yolunun tikintisi" kimi strateji əhəmiyyətli layihələr bizə həvalə olunmuşdur. Daha sonra, 2011-ci ildə "AzVirt" Qəbələ şəhərində bütün standartlara cavab verən Beynəlxalq Hava Limanını bir il ərzində tikdi və təhvil verdi. Bununla da "AzVirt" ölkəmizdə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin həyata keçirilməsində fəal rol oynadı.
2011-ci ilin mart ayında "Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni uçuş enmə zolağının tikintisi" işlərinə başlanılmış və 20 aprel 2012-ci il tarixdə uzunluğu 400 m, eni 75 m olan uçuş-enmə zolağının açılışı olmuşdur.
2014-cü il aprelin 23-də "Heydər Əliyev Beynəlxalq Hava Limanında Yeni Aerovağzal Kompleksinin tikintisi, Hava Nəqliyyatı Nəzarət Qülləsinin tikintisi, Mövcud Aerovağzal Terminalının yenidənqurulması" layihəsi çərçivəsində yeni aerovağzal kompleksinin açılışı olub. 6 miliyon sərnişini daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 000m2-dir. Təyyarə qanadları formasında olan dördmərtəbəli möhtəşəm aerovağzal binası memarlıq görünüşü ilə diqqəti cəlb edir. Layihənin həyata keçirilməsində məqsəd sərnişin və yük daşınmaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, eləcə də təyyarə uçuşlarının təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır.
2006-cı ildən başlayaraq "AzVirt", "Şəmkir-Qazax", "Böyük Şor dairəsi-Heydər əliyev Beynəlxalq Hava limanı", "Heydər əliyev Beynəlxalq Hava limanı-Mərdəkan-Bilgəh", "Bilgəh-Novxanı-Sumqayıt", "Buzovna-Mərdəkan-Qala", "Qala-Pirallahı", "Qəbələ-Ağdaş (km 0,0÷22,0)" avtomobil yollarının yenidənqurulması, "Nobel prospektinə paralel dənizkənarı 8 hərəkət zolaqlı yeni avtomobil yolunun tikintisi", "Bakı - Ələt avtomobil yolunun 4÷6 km hissəsinə bağlantı yollarının tikintisi", "Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi", "Mingəçevir - Mingəçevir stansiyası avtomobil yolunun yenidənqurulması layihələrini və bu layihələr çərçivəsində bir sıra körpü və tunelləri (Sabunçu körpüsü, Suraxanı qovşağındakı körpü, Hava limanı qovşağındakı körpü, Binə qovşağındakı asma körpü, Mərdəkan yol qovşağında körpü və tunel, Buzovna qovşağında tunel və yol ötürücüsü, Kardiologiya Mərkəzinin qarşısındakı tunel, Olimpiya Stadionina giriş yollarında 2 körpü və 2 tunel və s.), yeraltı və yerüstü piyada keçidlərini tikməklə ölkəmizdə avtomobil yolları şəbəkəsinin inkişaf etdirilməsinə öz layiqli töhfəsini vermişdir.
"AzVirt" şirkəti 2015-2016-cı illərdə "Formula-1 Avropa Qran Pri" yarışlarının keçirildiyi trekin təmir-tikinti işlərini həyata keçirmişdir. Yarışın keçiriləcəyi tras maksimum 340 km/saat sürət üçün nəzərdə tutulub.
Durmadan böyüyən və inkişaf edən "AzVirt" MMC-nin Rumıniya, Serbiya, Türkiyə,Latviya, Montenegro, Gürcüstan, Ukrayna və s. ölkələrdə filialları açılmışdır.
"AzVirt" şirkəti Serbiya Respublikasında "E763 Belqrad-Juzni Jadran magistral yolunun Ljig-Prelina hissəsinin tikintisi" layihəsini yerinə yetirməklə özünün fəaliyyət məkanını genişləndirmək və biznes maraqlarını təmin etməkdən başqa, daha çox iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında iştirak edir və bu missiyanı layiqincə yerinə yetirir. Layihə çərçivəsində uzunluğu 40,36 kilometr olan 4 zolaqlı ikitərəfli yol 4 il ərzində inşa olunmuşdur. Üç yol qovşağı, hər birinin uzunluğu 200 metrdən 890 metrə qədər olan 4 tunel, 23-ü çoxyaruslu olmaqla 66 körpü, sürüşmə zonalarında uzunluğu 6 kilometr olan dayaq divarları tikilmişdir. 22 kilometr məsafədə çayın deltası dəyişdirilmişdir. 7 noyabr 2016-cı il tarixdə qeyd olunan avtomobil magistralının Ljig - Preljina hissəsinin açılışı olmuşdur. Bundan sonra Serbiyadan Monteneqroya və daha sonra Qərbi Avropaya səfər edənlər “AzVirt” şirkətinin müasir tələblərə cavab verən, ən yaxşı dünya və Avropa standartlarına müvafiq olaraq inşa etdiyi “Azərbaycan yolu” ilə gedəcəklər.
Ümumiyyətlə son on il ərzində "AzVirt" MMC tərəfindən ümumi uzunluğu təxminən 400 km-ə yaxın avtomobil yollarında yol-tikinti işləri aparılmış və ümumi sahəsi 8,0 mln. kvadrat metr asfaltbeton örtüyünün tikilməsi üçün 4,8 milyon ton asfalt döşənilmişdir. Bu layihələr çərçivəsində 81 körpü, 9 tunel, 21 ədəd yeraltı və yerüstü piyada körpüsü tikilmişdir.
Şirkət ölkəmizdə bir çox nominasiyalarda dəfələrlə "İlin Şirkəti" seçilmiş, 2015-ci ildə MDB ölkələri arasında ən yaxşı tikinti təşkilatının seçilməsi üzrə keçirilən X Beynəlxalq Müsabiqənin qalibi olmuşdur.
"AzVirt" MMC hal-hazırda "M-1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 45-ci kilometrliyindən başlayan yeni avtomobil yolunun km 0+000 - km 28+610 hissəsinin tikintisi" layihəsi üzrə yol-tikinti işlərini həyata keçirir. Heç şübhə yoxdur ki, digər layihələr kimi bu layihə üzrə yeni avtomobil yolu da vaxtında və keyfiyyətlə tikilib xalqımızın istifadəsinə veriləcəkdir.
Peşəkar kadrların hazırlanması, təkmilləşdirilməsi müəssisənin kadr siyasətinin əsasını təşkil edir. Hazırda müəssisədə 1300-ə yaxın əməkdaş çalışır. Onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı Almaniya və Türkiyədən də mütəxəssislər çalışırlar. AzVirtin kadr siyasətinin əsas məqsədi yol tikinti sənayesini yüksək hazırlıq səviyyəsi olan peşəkarlarla təmin etməkdir. İşçilər arasında həm işin elmi-nəzəri, həm də praktiki aspektlərinə hər tərəfli bələd olan mütəxəssislər çalışırlar. AzVirtin rəhbərliyində texniki elmlər doktoru (professor) və texniki elmlər namizədi kimi yüksək ixtisaslı mütəxəssislər vardır ki, onlar öz elmi araşdırmaları ilə şirkətin işinə yeni impuls verirlər. Bu elmi-praktik araşdırmalar nəticəsində müxtəlif mütərəqqi texnologiyalar tətbiq edilir.
"AzVirt" ölkə iqtisadiyyatının bir hissəsi olmaqla yanaşı beynəlxalq tikinti bazarına da öz töhfələrini verməyə çalışır.