Onun yolu ilə
“AZVİRT” MMC şirkəti yarandığı gündən bugünədək 25 il ərzində Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafına paralel inkişaf etmiş, heyranedici və yüksək keyfiyyətli fəaliyyəti ilə öz məqsədinə çatmışdır.
Bu gün “AZVİRT” şirkəti ilə əməkdaşlıq edən yüzlərlə insan şirkətimizdə qazanılmış təcrübə sayəsində ölkənin sosial və iqtisadi inkişafına töhfə verməkdə davam edir.
Şirkətin əsas fəaliyyət sahəsi gələcəyə aparan və ölkənin əbədi sərvəti olan avtomobil yolları, aerodromlar və körpülər kimi mühüm infrastruktur layihələrinin yerinə yetirilməsidir.
“AZVIRT” şirkəti, ətraf mühitin mühafizəsi qaydalarına riayət edərək və işləri yüksək keyfiyyətlə icra edərək, bütün tikinti obyektlərində sağlam və təhlükəsiz əmək şəraiti yaratmışdır.
Sifarişçilərin tələbatının təmin edilməsi, qoyulmuş məqsədlərə nail olma, etibarlılıq, yüksək standart səviyyəsi və texniki biliklərin istifadəsi – bütün bunlar istər hazırda, istərsə də gələcəkdə iri infrastruktur tikinti layihələrinin yerinə yetirilməsi zamanı bizim konsepsiyamızdır.
Biz gələcəkdə də hər yerdə xalqımız və bütün bəşəriyyətə fayda gətirən həyat standartlarını işləyib hazırlamaq üçün investisiya layihələri və işlərinin birgə icrasına fəal maraq göstərəcəyik. Bununla yanaşı, biz daima ətraf mühit və təbiətin mühafizəsinin qeydinə qalırıq və bu gələcəkdə də davam edəcək.
Biz həmçinin beynəlxalq səviyyəli kompleks layihələr gerçəkləşdirdiyimiz Serbiya, Bosniya və Herseqovina, Ukrayna, Qırğızıstan kimi xarici ölkələrdə uğur qazanmağa çalışırıq.
Mən, “AZVIRT ailəsinin” bütün üzvlərini, o cümlədən, şirkətin mənəvi prinsipləri, komandanın kollektiv intizamına hörmət edərək bu uğura nail olmuş və işlərin yerinə yetirilməsi keyfiyyətinə maksimum əhəmiyyət vermiş işçilər, mühəndislər və inzibati işçiləri təbrik etmək və onlara təşəkkür etmək istərdim.
Biz həmçinin bizə etibar etmiş və bu imkanları vermiş sifarişçilərimizə təşəkkür edir və layihələrimizin gerçəkləşdirilməsi zamanı bizə yardım etmiş və bizi dəstəkləmiş bütün Hökumət orqanlarına minnətdarlığımızı bildiririk.
Əli Musa oğlu Əliyevin tərcümeyi halı
Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli, "AZVİRT" MMC-nin baş direktoru Əliyev Əli Musa oğlu 1933-cü il may ayının 20-də Ermənistan Respublikası Vedi rayonunun Dəhnəz kəndində anadan olmuşdur. Atası Musa kişi erməni daşnaklarına qarşı barışmaz mövqeyi ilə seçilmiş və Abbasqulu Bəy Şadlinskinin «Qırmızı Taborunda» batalyon komandiri kimi mənfur erməni daşnaklarına qarşı mübarizə aparmışdır. 1937-ci ildə sovet hökuməti tərəfindən «xalq düşməni» adı altında tutularaq türməyə göndərilən Musa kişinin ailəsi Qazaxstan Respublikasının Cambul vilayətinə sürgün edilmişdir. Uşaqlıq və məktəb illəri burada keçən Ə. Əliyev 1947-ci ildə Sverdlov rayonunun Mixaylovsk orta məktəbini bitirdikdən sonra Frunze Sənaye Texnikumunun «Şəhər yollarının və körpülərin tikintisi» fakültəsinə daxil olmuş və 1953-cü ildə oranı bitirmişdir. Həmin il Qırğızıstan Respublikası Avtomobil Nəqliyyatı Nazirliyinin «Yolmühəndistikinti» trestində mühəndis-layihəçi, sonradan isə tikintinin baş mühəndisi vəzifəsində çalışmışdır. Ümumittifaq miqyasında ən böyük magistrallardan olan Frunze-Oş avtomobil yolunun, Narın çayı üzərində bir neçə körpünün, o cümlədən uzunluğu 99 m-ə çatan asma körpünün və uzunluğu 2,4 km olan tunelin tikintisində fəal iştirak etmişdir. 1955-ci ilin dekabr ayından 1958-ci ilin mart ayına qədər Sovet Ordusu sıralarında xidmət etmişdir.
1958-ci ildə Saratov Ümumittifaq Avtomobil yolları İnstitutuna daxil olmuş, sonradan Bakıya köçmələri ilə əlaqədar olaraq təhsilini Azərbaycan Politexnik İnstitutunda davam etdirmiş və oranı 1965-ci ildə bitirmişdir.
1972-ci ildə Bakı şəhərində yeni yaradılmış «Xüsusiləşdirilmiş yol tresti»nə rəis təyin edilmişdir.
Ə.M.Əliyev istehsalat fəaliyyəti ilə bərabər elmi axtarışlarla məşğul olmuş, 1973-cü ildə «Aktivləşdirilmiş mineral tozlu asfaltbetonların tədqiqi» mövzusunda namizədlik dissertasiyası, 1984-cü ildə isə «Asfaltbetonun regenerasiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
Professor Ə.M.Əliyevin təklif etdiyi aktivləşdirilmiş mineral tozlardan istifadə etməklə asfaltbeton qarışıqlarının hazırlanması üzrə yeni texnologiya hal-hazırda bir sıra MDB ölkələrində avtomobil yollarının və aerodromların uçuş-enmə zolaqlarının tikintisində geniş tətbiq olunur.
1985-ci ildə Ə.Əliyev istehsalatdan ayrılmadan Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun «Avtomobil yolları, körpü və tunellər» kafedrasında pedoqoji fəaliyyət göstərmişdir.
1989-cu ildə «Avtomobil yolları, körpü və tunellər» kafedrası üzrə professor alimlik dərəcəsi almışdır.
Ə.M.Əliyev 1999-cu ilin dekabrından vəfat edənədək «AZVİRT» MMC-nin baş direktoru vəzifəsində çalışmışdır.
Professor Ə.M.Əliyevin rəhbərliyi altında «Azərbaycan Respublikasında asfaltbeton örtüklü yol və aerodrom geyimlərinin tikintisi üzrə Rəhbərlik» texniki-normativ sənədi hazırlanmış və Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmişdir və 01 iyun 2004-cü il tarixdən qüvvəyə minmişdir.
2005-ci ilin iyulunda Qırğızıstan Hökumətinin dəvəti ilə qardaş Respublikada səfərdə olan professor Ə.M. Əliyevin şərəfinə Narın çayı üzərində onun baş mühəndisliyi ilə salınmış ən böyük körpülərdən birinə «Qırğızıstan-Azərbaycan Dostluq Körpüsü» adı verilmiş və körpünün üzərinə xatirə lövhəsi vurulmuşdur.
Ə.M.Əliyev «Qırmızı Əmək Bayrağı» ordeni ilə, bir çox medallarla və Azərbaycan Respublikası Ali Sovetinin fəxri fərmanı ilə mükafatlandırılmışdır. "İnşaatçılar günü" peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prezidentinin 844 saylı 9 aprel 2010-cu il tarixli Sərəncamı ilə Ə. M. Əliyev tikinti kompleksinin inkişafındakı xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif olunmuşdur.
Ə.M.Əliyevin 100-ə qədər elmi işi, 3 monoqrafiyası, «Yol-tikinti materialları», "Avtomobil yollarının və aerodromların tikintisi" (4 cilddə), "Yol və aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi", «Nəqliyyat magistrallarının tikintisinin əsasları», "Yol və aerodrom tikintisində əhəngdaşı materiallarının tətbiqi üzrə Təlimat", "Yol və aerodrom tikintisi materiallarının struktur formalaşması" və s. kitabları çap edilmişdir. 25-dən çox ixtira və patentin müəllifidir.
Ə.M.Əliyevin həyatı və elmi-praktiki yaradıcılığı haqqında azərbaycan, türk, rus və ingilis dillərində çoxsaylı monoqrafiyalar yazılmışdır.
2016-cı il aprel ayının 23-də gecə saatlarında Əli Musa oğlu Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.