“AzVirt” şirkətinin əməkdaşları təltif olunub

03 aprel 2023

Aprelin 3-də Azərbaycanın tanınmış yol tikinti şirkәtlәrindәn olan “AzVirt” MMC-nin bir qrup əməkdaşı işğaldan azad olunmuş ərazilərimizdə yeni yolların daha operativ şəkildə salınması sahəsində göstərdikləri xidmətlərə görə Dövlət Sərhəd Xidməti tərəfindən təltif olunmuşlar.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbədən sonra bütün hərbi strukturların Qarabağda möhkəmləndirilməsi tədbirlərinə başlanılmışdır. Bu baxımdan işğaldan azad edilən rayonlarda 30 ildən sonra bərpa olunan sərhədlərin etibarlı mühafizəsi də xüsusi önəm daşıyır.

Belə ki, Dövlət Sərhəd Xidmətinin həmin ərazilərdə mühəndis təminatı üçün yeni yolların daha operativ şəkildə salınması qarşıya əsas vəzifə olaraq qoyulmuşdur. Bu istiqamətdə görülən işlərdə “AzVirt” MMC xüsusi fəallığı ilə seçilmişdir.

Şirkətin mühəndis, geodeziyaçı, iş icraçısı, operator və digər vəzifələrdə çalışan əməkdaşları sərhədçilərimizin təminat yollarının qısa zamanda tikilərək təhvil verilməsinə nail olmuşlar.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən faydalı əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə, həmçinin işğaldan azad olunmuş xidməti ərazilərdə mühəndis təminatı ilə bağlı işlərdə fəal iştiraklarına görə “AzVirt” MMC-nin rəhbər şəxsləri və bir qrup əməkdaşı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə”, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi” medalları və fəxri fərmanla təltif edilmişlər.

Şirkət rəhbərliyi göstərdikləri diqqətə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə dərin təşəkkür ifadə etmiş, bundan sonra da Dövlətimizin müstəqilliyinin keşiyində şərəflə dayanan sərhədçilərimizin yollarda rahat hərəkəti üçün hər zaman dəstəyə hazır olduqlarını bildirmişlər.