Serbiya Respublikasında Slepceviç-Badovinci sürətli avtomobil yolunun əsası qoyulub

27 noyabr 2023

Noyabrın 27-də Serbiyada ölkənin qərb hissəsindəki Slepçeviç kəndini Bosniya və Herseqovina ilə sərhəddə yerləşən Badovinçi kəndi ilə birləşdirən 15,3 km uzunluğunda sürətli avtomobil yolunun tikintisinə başlanılıb. Prezident Aleksandar Vuçiç mərasimdə iştirak edib.

Serbiyaya məxsus internet resurslarında yayımlanan xəbərlərə görə Vuçiç təməlqoyma mərasimində bu fikirləri qeyd edib: "Bu yol regionlar arasında nəinki daha asan və daha sürətli səyahət etməyə imkan verəcək, həm də yaxşı infrastruktur yaratmaqla, yeni investisiyaları cəlb edəcək".

Qeyd edək ki, Slepceviç-Badovinci avtomobil yolu hazırda Azərbaycanın “AzVirt” şirkətinin inşasını davam etdirdiyi Şabats-Loznitsa avtomobil yolunun tərkib hissəsi hesab edilir.  Şabats-Loznitsa avtomobil yolu 54,5 kilometr uzunluqdadır. Layihə üzrə işlərin 2024-cü ilin sonunda başa çatdırılması nəzərdə tutulub.